Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
- Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
- Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
№393
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və İran İslam Respublikasının Energetika Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq), bərpa olunan enerjini və enerji səmərəliliyini ümumi maraq kəsb edən sahə kimi
müəyyənləşdirərək; bərpa olunan enerji və enerjidən səmərəli istifadə siyasəti və texnologiyası sahələrini
inkişaf etdirmək və təşviq etmək məqsədi ilə Azərbaycan Respublikası və İran İslam Respublikasının qurumları arasında bərpa olunan enerji əməkdaşlığının əsasını qoymaq arzusunda olaraq; həqiqi ehtiyaclara cavab verən, iqtisadiyyatları gücləndirmək üçün enerji
məhsuldarlığını maksimuma yüksəldən, habelə neft və qaz kimi təbii resurslara qənaət edən, mədən yanacaqlarının hasilatı, çatdırılması və istifadəsi ilə bağlı ətraf mühitə mənfi təsirləri azaltmaqla çirklənmənin qarşısını alan bərpa olunan enerji və enerjidən səmərəli istifadə siyasətlərinin təkmilləşdirilməsinin vacibliyini qəbul edərək; bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahəsində tələbələr, alimlər, elm və
sənaye müəssisələri arasında təhsil, elm və texniki mübadilə və əməkdaşlığın təşviq olunmasının və gücləndirilməsinin bu məqsədlərə kömək edəcəyini bir daha vurğulayaraq; aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Bu Anlaşma Memorandumunun məqsədi, Tərəflərin hər birinin qanunvericiliyinə, qanun və qaydalara və hər bir dövlətdə ehtiyatların idarə olunması ilə bağlı prinsiplərə ciddi şəkildə riayət etməklə, qarşılıqlı fayda, bərabərlik və qarşılıq əsasında, bərpa olunan enerji, yəni külək, günəş, geotermal, biokütlə, hidro, hidrogen və “elektrokimyəvi akkumulyasiya elementi” və s. sahədə ikitərəfli texniki əməkdaşlığı həvəsləndirmək və təşviq etmək üçün hökumət və özəl sektor müəssisələri, qurumları və şirkətləri arasında əməkdaşlığa əsas yaratmaqdan ibarətdir.
Maddə 2
Əməkdaşlıq sahələri
Bu Anlaşma Memorandumuna riayət olunmaqla, Tərəflər arasında əməkdaşlıq sahələrinə, bununla məhdudlaşmayaraq, aşağıdakılar aid edilə bilər:
- ●“Yaşıl enerji”nin araşdırılması, istismarı və istifadəsi.
- ●“Know-how” bilik və texniki təcrübə mübadiləsi, habelə günəş, külək, geotermal, fotoqalvanik, biokütlə, hidrogen və “elektrokimyəvi akkumulyasiya elementi” istifadə etməklə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi, istilik və yanacaq hasilatı sahəsində əməkdaşlıq.
- ●İki ölkənin enerji səbətlərində bərpa olunan enerjinin payını artırmaq üçün birgə fəaliyyət.
- ●Birgə tədqiqat layihəsinin həyata keçirilməsi və iki ölkədə bərpa olunan enerji potensialları ilə yanaşı, enerjidən səmərəli istifadə sahəsində seminarların təşkili.
- ●Bərpa olunan enerji zavodları layihələri və onların tikintisi üçün məsləhət xidmətlərinin göstərilməsi üzrə əməkdaşlıq.
- ●Bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahələrində iki ölkənin elm və sənaye müəssisələrinin, hökumət və özəl qurumlarının əməkdaşlığı üçün çərçivənin yaradılması.
- ●Bərpa olunan enerji və enerjidən səmərəli istifadə sahələrində təhsil üzrə əməkdaşlığın inkişaf etdirilməsi, texniki və elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, qısa və tam təlim kurslarının təşkil edilməsi.
- ●İki ölkədə günəş, külək və geotermal enerji zavodlarına diqqət yetirməklə, bərpa olunan enerji zavodlarının tikintisinə sərmayə qoyuluşunu təşviq etmək.
- ●Bərpa olunan enerji mənbələri ilə bağlı Tərəflər arasında razılıq əldə oluna bilən digər sahələr.
Maddə 3
Maliyyələşmə
Tərəflər razılığa gəlirlər ki, yazılı şəkildə digər hallar nəzərdə tutulmadığı təqdirdə, bu Anlaşma Memorandumuna əsasən hər hansı bir layihənin işlənib hazırlanması və həyata keçirilməsinə görə məsuliyyəti onları üzərinə götürən Tərəf daşıyır.
Hər bir Tərəf bu Anlaşma Memorandumunda nəzərdə tutulan fəaliyyətləri, tətbiq edilən qanunlara, qaydalara və müvafiq fondların əsasnamələrinə uyğun yerinə yetirir. Tərəflər hər bir fəaliyyətə başlamazdan əvvəl belə fəaliyyətin maliyyələşdirilməsinin təfsilatlarını yazılı şəkildə müəyyənləşdirəcəklər.
Maddə 4
İşçi Qrup
Yuxarıda göstərilən fəaliyyətləri əlaqələndirmək və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyalarının inkişaf etdirilməsi ilə bağlı layihə təkliflərinə dair qərar vermək məqsədi ilə, Tərəflər aşağıdakı vəzifələrlə “İşçi Qrup” təsis etmək niyyətindədirlər:
● alternativ və bərpa olunan enerjinin inkişafı üçün qarşılıqlı maraq kəsb edən və əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ● əməkdaşlıq monitorinqi və qiymətləndirilməsi ● bərpa olunan enerjidən səmərəli istifadə.
Tərəflər kommunikasiya və əlaqələndirmə məqsədləri üçün məsul şəxs (əlaqələndirici şəxs) təyin edirlər. Yuxarıda qeyd olunanlar üçün “İşçi Qrup” öz işini mümkün qədər elektron kommunikasiya vasitəsilə, zəruri hesab edildikdə isə növbəli şəkildə görüşməli və əməkdaşlığı elmi və texniki məlumat mübadiləsi vasitəsilə idarə etməlidir.
“İşçi Qrup”, zəruri hesab edildikdə, elmi institutlardan, tədqiqat mərkəzlərindən, universitetlərdən və ya istənilən digər qurumlardan başqa üzvlər cəlb edə bilər.
Maddə 5
Anlaşma Memorandumunun icrası
Bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təşəbbüsləri Tərəflərin qarşılıqlı razılığı ilə yazılı şəkildə müəyyən edilməli və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq həyata keçirilməlidir.
Maddə 6
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 7-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 7
Müddət və qüvvəyəminmə
Bu Anlaşma Memorandumu dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir və Tərəflərin razılığı ilə ləğv edilməyənə qədər qüvvədə qalır.
Lakin hər hansı bir Tərəf istənilən vaxt digər Tərəfə bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə yazılı bildiriş verə bilər, bu halda o, belə bildiriş diplomatik kanallar vasitəsilə yazılı şəkildə verildiyi tarixdən 6 (altı) ay sonra ləğv olunur.
Bu Anlaşma Memorandumunun ləğvi, Tərəflər arasında başqa cür razılaşdırılmadığı təqdirdə, bu Anlaşma Memorandumuna əsasən başlanılmış, lakin hələ başa çatmamış hər hansı davam edən fəaliyyətlərə təsir göstərməyəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.